Get In Touch
Respublika Diaqnostika Mərkəzi, Baku,
[email protected]
Ph: +994 50 500 34 35
+994 50 327 08 14
Work Inquiries
[email protected]
Ph: +994 50 500 34 35
+994 50 327 08 14
Back

About

Rəşad Fərhad oğlu Şolan (Məmmədov Rəşad Fərhad oğlu; 27 iyun1980, İmişli rayonu) — cərrah-uroloq, transplantoloq, Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, “Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası”nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi (2019-2021), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti, Respublika Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru.

Həyatı

Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987-1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur. 1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2000-ci ildə “Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi” mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur. 2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə “İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə” mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür. 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin “Urologiya” kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur. 2003-2009-cu illərdə Ege Universitetinin “Urologiya” kafedrasının assistenti olmuşdur. Bu illərdə uroloji cərrahiyyənin bütün istiqamətləri – uroonkologiya, endourologiya, andrologiya, funksional urologiya, laparoskopik urologiya üzrə təkmilləşmişdir. Elə həmin illərdə onun kafedranın əməkdaşları ilə həmmüəllifi olduğu bir sıra elmi məqalələri Türkiyə, ABŞ, Braziliya, Yaponiya və digər ölkələrdə çap edilmişdir.

Rəşad Şolan Ege Universitetindəki fəaliyyəti dövründə 802 əməliyyat həyata keçirmişdir. 2008-2009-cu illərdə tibb fakültəsi yanında Ege Universitetinin əcnəbi həkim və tələbələrinin nümayəndəliyinə rəhbərlik etmişdir. 2009-cu ildə “Testesteronun çanaq dibi əzələlərinə təsiri və təcrübədə stress tip sidik qaçırma zamanı urodinamik göstəricilər” mövzusunda dissertasiyanı müdafiə etmiş, daha sonra bu müdafiə işi Türkiyə Kontinensiya Cəmiyyətinin mükafatına layiq görülmüşdür. [2] Rəşad Şolan 2009-cu ildə Türkiyədə təhsilini həkim-uroloq ixtisası üzrə başa vuraraq Azərbaycanca dönmüşdür. Azərbaycanda laparoskopik urologiyanın tətbiqinin əsasını qoyanlardan biri olmuşdur.[3] Mərkəzi Neftçilər Xəstəxanasında həkim-uroloq kimi işə başlamış, 2010-cu ildən etibarən isə xəstəxananın uroloji təcrübəsinə uroonkoloji, rekonstruktiv, androloji əməliyyatlar daxil etməyə nail olmuşdur. 2010-cu ildə Azərbaycanda “Gənc Uroloqların Beynəlxalq Assosiasiyası”nın (International Young Urologists Association) rəsmi nümayəndəsi olmuşdur.

2011-ci ildə Azərbaycanda ilk dəfə böyrəyin laparoskopik-uroloji yolla xaric edilməsi əməliyyatını aparmışdır. 2011-ci ildə Cənubi Koreyanın Yonsei Universitetində robotik uroloji cərrahiyyə və böyrək transplantasiyası üzrə uzunmüddətli təcrübə keçmişdir. 2012-ci ildə Endouroloqların 30-cu Beynəlxalq Konqresində Azərbaycanın laparoskopik urologiya üzrə ilk seriyasını təqdim etmişdir. Həmin ildə Fransada (Strasburq Universiteti – IRCAD) eksperimental laparoskopik cərrahiyyənin tətbiqi kurslarını uğurla bitirmişdir. Eləcə də, Ege Universitetində tamamladığı dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilərək “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır. Daha sonra 2014-cü ildə Türkiyə Cümhuriyyətində mikrocərrahiyyə kurslarını uğurla başa vurmuşdur. 2014-cü ildə paralel şəkildə Respublika Diaqnostika Mərkəzində də uroloji fəaliyyət göstərmiş və həmin xəstəxananın rəsmi konsultantı olmuşdur. 2015-ci ildə Amerika Uroloqlar Assosiasiyasının (American Urological Association) araşdırmaçı üzvü olmuşdur. 2017-ci ildə Respublika Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin əsasını qoyub və şöbənin rəhbəri olmuş, həmin dövrdən həm dövlət xətti ilə, həm də ödənişli əsaslarla böyrəkköçürmə əməliyyatlarının icrasına başlamışdır.[4] 2018-ci ildə Asiyanın ən böyük böyrək transplantasiyası mərkəzi olan Yonsei Universitetində böyrək köçürülməsi üzrə təkmilləşmə proqramını keçmişdir. 2019-cu ildə onun rəhbərliyi ilə “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsi beynəlxalq keyfiyyət sertifikatı olan ABŞ-ın JCI sertifikatını almışdır. 2019-2020-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının “Urologiya” şöbəsinə rəhbərlik etmişdir. 2019-cu ildə onun təklifi ilə “Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası” yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. O, bu təşkilatın İdarə Heyətinin sədri seçilmişdir. 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin olunmuşdur. 2021-ci ildən etibarən Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-ekspertidir. 2018-ci ildə A. Qarayev adına Fiziologiya İnstitutunda “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyası yaradılmış və Azərbaycan Milli Elmlər Akademiyasının prezidiumununun qərarı ilə Rəşad Şolan bu laboratoriyanın müdiri təyin edilmişdir.

Rəşad Şolan 90-dan artıq elmi işin müəllifidir. Hazırda interstisial sistitin diaqnostikası, patogenezi və patofiziologiyası ilə bağlı doktorluq dissertasiyası üzərində işləməkdədir. Onun interstisial sistit barədə eksperimental modelləri ESSIC 2019 və SUFU 2020 kimi nüfuzlu konqreslərdə qəbul olunmuşdur.

Mükafatlar

  • 2016-cı ildə səhiyyə sahəsində məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.
  • 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Fəxri fərman”la təltif olunub.
  • 2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun mükafatına layiq görülüb.